Bir sıra ölkələrdə Anım Günü ilə bağlı tədbirlər keçirilib

 

27 sentyabr – Anım Günü münasibətilə bir sıra ölkələrdə tədbirlər keçirilib. Tariximizə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən söz açılıb.   

Azərbaycanın Pakistandakı Səfirliyində Anım Günü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə “Vətən müharibəsi tarixi: şəxsiyyət faktoru” kitabının təqdimatı da olub.

Səfir Xəzər Fərhadov Vətən müharibəsindən söhbət açıb, Ordumuzun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünə 44 gündə son qoyub, bütövlüyümüzü təmin etdiyini diqqətə çatdırıb. X.Fərhadov bu günlərdə (19-20 sentyabr) Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə də danışıb.

Səfir “Vətən müharibəsi tarixi: şəxsiyyət faktoru” kitabı haqqında da məlumat verib, nəşri qonaqlara təqdim edib.

Pakistan Senatının Müdafiə komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud və Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə təbriklərini çatdırıblar.

 

***

 

Fransadakı səfirliyimizdə keçirilən anım tədbirində səfir Leyla Abdullayeva çıxış edərək Vətən müharibəsinin səbəb və nəticələri barədə söz açıb. Bildirib ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilib, xalqımız ümdə arzusuna qovuşub. Azərbaycanın müstəqilliyini, Vətənimizin ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda canlarından keçmiş şəhidlərimizin xatirəsi yaddaşımızda əbədi həkk olunub.

 

***

 

“Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının” (ABİA) və İraqın Telafər şəhər meriyasının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.

İraqın türkmənlər yaşayan Telafər şəhərindəki Gənclik Mərkəzində təşkil olunan tədbirdə şəhərin meri Seyid Qasim Şərifi çıxış edərək Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı türkmənlərin ruhən onların yanında olduqlarını və mənəvi dəstək verdiklərini, Azərbaycanın uğurlarına sevindiklərini deyib. O, Azərbaycan ərazilərinin işğalı dövründə baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü zülmü ilə müqayisə edib. Şəhər meri antiterror əməliyyatlarındakı uğuru və suverenliyinin tam bərpası ilə əlaqədar Azərbaycana təbriklərini çatdırıb.

ABİA-nın heyətinin sədri Elçin Əsgərov İraqın türkmən əhalisinin Azərbaycana göstərdiyi ardıcıl mənəvi dəstəyə görə təşəkkürünü bildirib. Digər çıxışlarda da İkinci Qarabağ müharibəsində Qələbənin bütün Türk və İslam dünyaları üçün əhəmiyyəti qeyd olunub. Telafərin bütün türkmən tayfalarının başçıları və İraq Türkmən Cəbhəsinin yerli təşkilatının rəhbərliyi Azərbaycanın haqq işinə dəstək nümayiş etdiriblər.

Daha sonra “44 günlük qəhrəmanlıq salnaməsi” adlı fotosərgiyə baxış olub.

 

***

 

Azərbaycan Turizm Bürosu İsrail nümayəndəliyinin dəstəyi ilə ölkəmizin İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində anım tədbiri təşkil edilib.

Səfir Muxtar Məmmədov tarixi Qələbəmizdən Azərbaycan Ordusunun göstərdiyi böyük şücaətdən danışıb.

Diplomat Azərbaycanın daim yanında olan qardaş Türkiyənin, həmçinin İsrail Dövlətinin göstərdiyi əvəzsiz dəstək barədə məlumat verib.

Sonda Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən hazırlanan və 27 sentyabr – Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

 

***

 

Azərbaycanın Macarıstandakı Səfirliyində keçirilən tədbirdə səfir Tahir Tağızadə çıxış edərək Anım Gününün xalqımız üçün iki mühüm məna daşıdığını diqqətə çatdırıb. Deyib ki, sentyabrın 27-də qəhrəmanlarımızın xatirəsini yad etməklə yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin başladığı gün kimi də qeyd olunur.

T.Tağızadə Macarıstanın ölkəmizin beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinə göstərdiyi dəstəyin Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhə nail olunmasına, eləcə də Avropanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Sonra tədbir iştirakçıları 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarxı izləyiblər.

 

***

 

Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub.

Ölkəmizin Bolqarıstandakı Səfirliyindən bildirilib ki, məlumatlarda dünya azərbaycanlıları tərəfindən sentyabrın 27-də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qəhrəmanların xatirəsinin dərin ehtiramla yad edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Qarabağ bölgəsindəki erməniəsilli əhalini öz vətəndaşları kimi qəbul edir, onların bütün hüquq və azadlıqlarını təmin etməyə hazırdır.

 

***

 

Azərbaycanın Dubaydakı Baş konsulluğunda ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində səfirliyi ilə birlikdə anım mərasimi təşkil edilib.

Baş konsul Cavidan Hüseynov qeyd edib ki, Vətən müharibəsində Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz tərəfindən 44 gün ərzində 300-dən çox şəhər və kəndimiz işğaldan azad olunub, Ermənistan 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur edilib. Diplomat bir neçə gün əvvəl Qarabağda aparılan uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində təxribatlar törədən qanunsuz erməni hərbi birləşmələrinin tərk-silah edildiyini, dövlətimizin bütün Qarabağ bölgəsində suveren hüquqlarının bərpa olunduğunu diqqətə çatdırıb.

Vətən müharibəsi qazisi Polad Rzayev dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə P.Rzayevdən bəhs edən videomaterial nümayiş olunub.