Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və dövlətimizin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu barədə Prezident Administrasiyasının məlumatında bildirilir. Qeyd olunur ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcək.

İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına müraciət edə bilərlər.

Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu da təşkil ediləcək.