Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının (RF) baş rejissoru Fərid Bikçantayev Ankara Dövlət Teatrında bolqar dramaturqu Neryalko Yordanovun “Qonzaqonun qətli” pyesini tamaşaya qoyur.

Şekspirin “Hamlet” dramının motivləri əsasında qələmə alınan əsər şahzadənin tamaşa oynamaq üçün saraya dəvət etdiyi aktyorların başlarına gələnlərdən bəhs edir.

Tatarıstan teatrının baş rəssamı Sergey Skomoroxov da baş rejissorla birlikdə Ankaraya təşrif buyurub. Rejissor deyir: “Ankara aktyorlarından razıyam. Onlar rejissorun təkliflərini rahat qəbul edir, eksperimentlərlə razıdırlar. Tərcüməçi vasitəsilə ünsiyyət saxlasaq da, anlaşırıq”.

Müəllifə gəlincə, Nedyalko Yordanov Sofiya Universitetini bolqar filologiyası ixtisası üzrə bitirdikdən sonra bir neçə il müəllim işləyib. Sonra yerli teatrlarda dramaturq kimi fəaliyyətə başlayıb. Vətənində təkcə dramaturq deyil, həm də bəstəkar-müğənni kimi tanınır. 

G.Mirməmməd