Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüblər. ICESCO-nun rəhbəri 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Bakıya gəlib.

Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulanıb, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edilib.

Dövlətimizin başçısı ICESCO-nun baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirib.

Salim bin Məhəmməd əl-Malik ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirib, bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirib.

Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırıb. Prezident bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu deyib.

Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub.