Zəngilan ilk böyük beynəlxalq tədbirə ev sahibliyi edib

 

Xəbər verildiyi kimi, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə 29 sentyabr – 1 oktyabr tarixlərində “Şəhərsalma Həftəsi – 2023” tədbirləri çərçivəsində Zəngilan Konqres Mərkəzində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı olub.

Forumda 53 ölkədən 200-ə yaxın xarici qonaq – ümumilikdə 400 nümayəndə iştirak edib.

Qeyd edək ki, 1-ci Azərbaycan Milli Şəhərsalma Forumu ötən il Ağdamda keçirilmişdi.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev 2020-ci ildə işğaldan azad olunan Zəngilanın artıq beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirib. “Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq”, – deyə dövlət başçısı diqqətə çatdırıb.

Prezident deyib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard dollar olacaq. Azərbaycan bunu öz imkanları hesabına həyata keçirir: “Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir...”.

Dövlət başçısı vurğulayıb ki, otuz il doğma torpaqlarından ayrı düşmüş insanlar çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər: “Onlar bu imkanı, bu fürsəti otuz il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi – bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq...”.

Sonra BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin çıxışı dinlənilib.

Forumun açılış mərasimindən sonra tədbir Zəngilanda dörd sessiya ilə işini davam etdirib.

Növbəti sessiyaları Bakıda keçirilən forum oktyabrın 1-də başa çatıb.