Xəbər verildiyi kimi, 2-6 oktyabr tarixlərində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Azərbaycan paytaxtı ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi edir.  1973-cü ildə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi təşkil edilib. Yeri gəlmişkən, 50 il əvvəl paytaxtımızda gerçəkləşən konqreslə bağlı tarixi fotoşəkil bu yaxınlarda kosmosa göndərilib.

Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirilib.

Açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşa, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Bakıda ikinci dəfə astronavtika üzrə bu mötəbər konqresin keçirilməsinin ölkəmiz üçün qururverici hadisə olduğunu deyib.

“Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident 50 il əvvəl Bakıda keçirilmiş konqresdən xatirə olan, özünün də yer aldığı tarixi fotonu kosmosa çıxaran Çin astronavtlarına xüsusi minnətdarlığını ifadə edib: “Bu, sanki onu göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm...”.

***

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər.

Məlumat verilib ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım Türkiyə Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanı Kosmik Agentliyinin, ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının, Çin Astronavtika Cəmiyyəti və digər şirkətlərin stendlərinə baxıblar.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Bakı konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Tədbirin ümumilikdə 30-dan çox sponsoru var.

Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-nin “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky”, “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, “Israel Aerospace Industries” şirkəti, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” kimi şirkətlər yer alır.

Bakı konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. 74-cü konqres bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddədir – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamları arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Federasiya hər il konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən federasiyanın üzvüdür.