Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Cəbrayıl rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan qələbə və ilk olaraq Cəbrayıl rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib. Materiallarda Cəbrayıl rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə Cəbrayıl sakininin öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.

“Cəbrayıl-27 illik həsrətə son” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Qarabağ dastanı”, “Cəbrayıl. Qalalı məhəlləsi”, “Cəbrayıl ensiklopediyası” kimi 20-dən çox kitabın, “Cəbrayıl atanın övladları yurda döndülər”, “Cəbrayıl rayonu İkinci Qarabağ savaşında” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Cəbrayıl şəhəri haqqında dərc edilən materiallar toplanılıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/4-oktyabr-cebrayil-seheri-gunu yerləşdirilib.