Medianın İnkişafı Agentliyi tərəfindən (MEDİA) 2-4 oktyabr tarixlərində “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsi həyata keçirilib.

Oktyabrın 2-də layihənin açılış tədbirində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək üçün effektiv kontent və marketinq strategiyalarının formalaşdırmasına zərurət yarandığını vurğulayıb.

Təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqəti cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə məlumat veriləcək, diskussiyalar aparılacaq.

Tədbirdə çıxış edən “Albayrak” media qrupunun (Türkiyə) tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin əhəmiyyətini qeyd edib.

Təlim genlərində  D.Gezerin “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri”, Kerim Askerin “Xəbərin cəlbedici təqdim olunması: şaquli formatda videoxəbər təqdimatı”, Suat Özdemirin “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzularında çıxışları olub. Layihədə ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşı, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan nümayəndə iştirak edib.