Oktyabrın 6-dan 10-dək Qırğızıstanın paytaxtı Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin (MDB) XVII Delfi oyunları keçiriləcək. Azərbaycan da ənənəvi olaraq bu oyunlarda təmsil edilir.

Delfi oyunlarında 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.

MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.

Müsabiqə proqramı fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlərdə ifa kimi nominasiyalardan ibarətdir.