Azərbaycan Aşıqlar Birliyi (AAB) yeni layihəyə başlayıb. Yaradıcılıq təşkilatında bu dəfə Qərbi Azərbaycan aşıqlarının yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.

Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişafı haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaq.

AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı kimi sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların yaradıcılığı da əks olunacaq.