Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 8-dən 11-dək ölkəmizdə III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.

Festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar oktyabrın 9-da Azərbaycan mədəniyyətinin paytaxtı, qədim söz-sənət beşiyimiz, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərinə səfər ediblər.

Səfər qonaqları Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, elminə görkəmli şəxsiyyətlər bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış etmək məqsədilə təşkil olunub.

Türk dünyasının kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə xatirə şəkilləri çəkdiriblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, otuz ilə yaxın Ermənistanın işğalı altında qalması, 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsi barədə məlumat verib. Bildirilib ki, işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.

Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.