Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oktyabrın 10-da növbəti köç karvanı paytaxtın Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə (88 nəfər) köçürülüb.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanıb. Onlara şəhərdə inşa edilən yaşayış kompleksindəki mənzillərinin açarları təqdim olunub.

Yeni sakinlər daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.

Qeyd edək ki, Füzuli şəhərinə sakinlərin köçü 18 avqustda başlanıb. Hazırda şəhərdə 165 ailənin (602 nəfər) daimi məskunlaşması təmin edilib.