Bakıda beynəlxalq konfrans keçirilir

 

Oktyabrın 10-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan “Yaşanıla bilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Sədi Cəfərov və mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər.

TDT baş katibinin müavini Sədi Cəfərov təşkilatın ümumtürk mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Səadət Yusifova çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irs, otuz ilə yaxın davam edən erməni işğalı dövründə dağıdılan, vandalizmə məruz qalan abidələrin monitorinqi ilə bağlı məsələyə də toxunub.

Nazir müavini bildirib ki, ərazilərin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin bölgələrdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün ərazi minalardan təmizlənməlidir. Bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır.

***

Oktyabrın 10-da beynəlxalq konfrans çərçivəsində “Dayanıqlı, yaşanıla bilən və təsirlərə davamlı irs şəhərlərinə doğru” adlı plenar sessiya keçirilib.

Sessiyada əvvəlcə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva İçərişəhərdə tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər və gələcək planlar haqqında məlumat verib.

Qeyd edib ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul olunub. Digər tarixi şəhərlər kimi ölkəmizin tarixi şəhərləri də müasir tələblərə uyğun olaraq daim dəyişməkdədir. Tarixi şəhərlərin qorunması barədə danışanda belə şəhərlərdə də insanların yaşadığını unutmamalıyıq. Bu şəhərlərdə dəyişikliklər məhz burada yaşayan insanların fəaliyyəti nəticəsində baş verir. Ona görə də tarixi şəhərlərin qorunması barədə danışarkən tərəzinin bir tərəfində abidələrin qorunması durursa, digər tərəfində insanların yaşaması üçün uyğun şəraitin yaradılması durmalıdır.

Dövlət Xidmətinin rəisi vurğulayıb ki, tarixi şəhərlərdə təkcə ayrı-ayrı abidələri saxlamaqla kifayətlənmək olmaz. Eyni zamanda düzgün idarəetmə sistemi yaradılmalıdır ki, hər bir abidə ayrılıqda vahid mexanizmin tərkib hissəsi kimi qorunsun.

Sessiyada daha sonra Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – ICOMOS-un vitse-prezidenti Riin Alatalu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi idarə heyəti sədrinin müavini Sədaqət Davudova, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Pakistanın Lahor Tarixi Qala Şəhərinin baş direktoru Kamran Laşari və Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) təşkilatının icraçı direktoru Yuliya Pagel çıxış ediblər.

Sessiyada Azərbaycanın mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən də söhbət açılıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və quruculuq işlərinə başlanılıb. Şuşada mədəni irsin bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi, dini abidələrin və muzeylərin bərpası artıq başa çatdırılıb.

Çıxışlarda son illərdə baş verən iqlim dəyişikliklərinin də mədəni irsə öz təsirini göstərdiyi vurğulanıb.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılır.

Konfransın proqramına İçərişəhərdəki Bakı Marionet Teatrının binasında  “Təsirlərə davamlı və dayanıqlı irs şəhərləri/abidələri: mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs şəhərlərində/məkanlarında turizmin davamlı inkişafı”, Tahir Salahovun Ev-Muzeyində “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər də daxildir. Konfrans oktyabrın 13-dək davam edəcək.

 

Türk Abidə Menecerləri Şəbəkəsi təsis edilib

 

Beynəlxalq konfrans çərçivəsində Türk Abidə Menecerləri Şəbəkəsi də təsis edilib. Bununla bağlı Bakı bəyannaməsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumları adından imzalanıb.

Şəbəkənin yaradılmasında əsas məqsəd TDT-nin üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, TDT nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması ilə bağlı qərar təşkilatın 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşü zamanı qəbul edilmişdi.