Yetmiş ildir səngiməyən münaqişə yenidən alovlanıb

 

Oktyabrın 7-də Fələstindəki Qəzza zolağından HƏMAS təşkilatının silahlı dəstələrinin İsrailin yaşayış məntəqələrinə hücumu bölgəni qan çanağına döndərib və yetmiş ildən çoxdur fasilələrlə davam edən münaqişəni yenidən alovlandırıb. Təkcə ilk üç günün dəhşət saçan statistikası bu dəfə artıq münaqişə deyil, müharibənin başlandığını və onun Yaxın Şərqin digər ölkələrini də cənginə almaq təhlükəsini göstərir.

Oktyabrın 10-na olan məlumatlara görə, HƏMAS-ın İsrailə raket zərbələri və Qəzza zolağı boyunca ərazilərə basqını nəticəsində əksəriyyəti mülki şəxslər olan mindən çox insan ölüb. Onların təxminən beşdəbiri Reim şəhərciyində açıq havada keçirilən festivalın iştirakçılarıdır. Aralarında müxtəlif ölkələrin vətəndaşları var. İsrailin ordu və təhlükəsizlik qüvvələrinin başlatdığı cavab əməliyyatı zamanı Qəzzada da ölənlərin sayı minə yaxınlaşır. Hər iki tərəfdə minlərlə yaralı var. Son məlumata görə, İsrail ordusu ölkənin cənubundakı HƏMAS-un basqın etdiyi yaşayış məntəqələrinə nəzarəti bərpa edib. Ordunun Qəzzaya daxil olub yerüstü əməliyyata başlayacağı gözlənilir.

İsrail rəsmiləri ölkənin müharibəyə cəlb olunduğunu və onun HƏMAS-ın kökünü qazıyanadək davam edəcəyini bildirirlər. HƏMAS radikalları da İsrailə qarşı eyni hədə ilə çıxış edirlər. Təbii ki, arxalarındakı güclərin dəstəyini gözə alaraq.

Xatırladaq ki, 360 kvadrat kilometr sahəsi (uzunluğu 40 km, eni 6-12 km) olan Qəzza zolağı hazırda Fələstin administrasiyasının qismən əlində olan iki parça ərazidən (İordan çayının qərb sahili ilə birlikdə) biridir. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnaməyə görə, Fələstin üzərində Britaniyanın protektoratlığı ləğv ediləndən sonra orada iki dövlət – yəhudi və ərəb dövlətləri yaranmalı idi. 1948-ci ildə ərazi bölgüsü aparılmadan Yəhudi Milli Şurası birtərəfli qaydada İsrail Dövlətinin yarandığını elan etdi. Buna etiraz edən Misir, İordaniya, Suriya və İraq İsrailə qarşı müharibəyə başladılar. 50-ci illərdə, 1967-ci ildə (Altıgünlük müharibə,) 1973-cü ildə (Oktyabr müharibəsi) davam edən savaşların nəticəsi İsrailin xeyrinə olub. Ortada olan digər nəticə isə indiyədək müstəqil və ərazisi, sərhədləri müəyyənləşməyən Fələstin dövlətinin qurulmamasıdır...