Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Qazaxıstanın paytaxtı Astanada VII Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib.

AzMİU-dan bildirilib ki, “Təhsildə davamlı gələcək – keyfiyyət və rəqabətlilik: reallıqlar və prioritetlər” mövzusunda keçirilən forumda professor Nigar Aslanova “Ali təhsilin müasir problemləri və tendensiyalar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə ali təhsil sahəsində yeni çağırışların və tendensiyaların təhlili yer alıb. Aparıcı və regional universitetlərin üzləşdiyi problemlər müqayisəli şəkildə forum iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, hazırda ali təhsil müəssisələrinin qarşısında iki əsas problem dayanır. Bunlardan birincisi təhsil prosesinin forması ilə bağlı tədris metodları, ikincisi isə kadr hazırlığının məzmununa aid olan əmək bazarının tələbləri ilə universitetlərin təqdim etdiyi ixtisaslar arasında mümkün uyğunsuzluqdur.

Qeyd edək ki, forum Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) təşkilatçılığı ilə keçirilib. Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin ali təhsil müəssisələrinin rektorları və prorektorları, eləcə də ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq şəbəkələrin nümayəndələri iştirak ediblər.