Azərbaycan Turizm və Menecment Universitetini təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı Qazaxıstanın Astana şəhərində Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) təşkilatçılığı ilə keçirilən “Təhsildə keyfiyyət təminatı: VII Mərkəzi Asiya Beynəlxalq Forumu”nda iştirak edib. Beynəlxalq tədbir “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusuna həsr olunub.

ATMU-dan bildirilib ki, iki gün davam edən beynəlxalq tədbirdə “Təhsilin davamlı gələcəyi - keyfiyyət və rəqabətlilik: reallıqlar və prioritetlər”, “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər”, “Rəqəmsal transformasiya kontekstində elm, təhsil model və texnologiyalarının inkişafı”, “Tibb təhsilində keyfiyyət təminatı: elm və təcrübənin inteqrasiyası” və digər mövzular müzakirə olunub.

ATMU-nun təmsilçisi Fərid Cabbarlı forum çərçivəsində “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər” mövzusunda panel müzakirələrə qatılıb.

Müzakirə iştirakçıları tərəfindən müasir ali təhsil ocaqlarına investorların cəlb edilməsinin zəruriliyi, tədris proqramlarının yaşadığımız dövr üçün deyil, məhz gələcək üçün tərtibatının vacibliyi, tədris proqramı hazırlığında maraqlı tərəflərin gözardı edilməməsi, əksər ölkələrdə sənayenin təhsili qabaqlaması səbəbindən sosial problemlərin yaranması, XXI əsrdə texniki ixtisas proqramlarının yalnız 2-5 il ərzində tələblərə cavab verməsi, 2050-ci ilə kimi mövcud ixtisaslardan təxminən yarısının rəqəmsallaşma nəticəsində faydalılığını itirəcəyi qənaətinə gəlinib.

Beynəlxalq forumda Türkiyə, Qazaxıstan, Belçika, Hindistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və digər ölkələrin ali təhsil müəssisələri, müvafiq nazirliklərin rəhbər heyəti və məsul əməkdaşları təmsil olunublar.

Forumun sonunda Fərid Cabbarlı sertifikata layiq görülüb.