Bu il Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Xalq şairi Məmməd Araz-90” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Məmməd Araz haqqında”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Sözləri Məmməd Arazındır”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazasında, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, Məmməd Arazın radio çıxışı, həyat və fəaliyyətini əks etdirən fotolar və digər sənədlər də yer alıb.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkindən http://anl.az/el/emb/M.Araz/index.html istifadə edə bilərlər.

Həmçinin Milli Kitabxanada “Xalq şairi Məmməd Araz–90” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgi bir həftə davam edəcəkdir.

Qeyd edək ki, çağdaş milli şeirimizin dəyərli poetik nümunələrini yaradan ustad Məmməd Arazın bədii irsində Vətən müqəddəsliyi, xalq məhəbbəti özünəməxsus yer tutur. Məmməd Araz milli istiqlalımızın önəmli simalarından biri olub. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Xalq şairi Məmməd Araz hələ sağlığında Ulu Öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülüb, dövlət mükafatı alıb və “İstiqlal” ordeni ilə təltif edilib.