Xəbər verdiyimiz kimi, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu 8-11 oktyabrda Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Filmləri Festivalının bağlanış mərasimində iştirak edib. O, Bakıda bir sıra görüşlər də keçirib.

Batuhan Mumcunun Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin birgə həyata keçirə biləcəyi fəaliyyətlərin bu əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Nazir müavini Batuhan Mumcu Türkiyənin Bakıdakı Səfirliyində də olub. Səfir Cahit Bağcı iki ölkə arasında mədəniyyət və turizm əməkdaşlığı, bu sahədə səfirliyin fəaliyyəti, həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Nazir müavini bu tədbirlərin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinə töhfə olmaqla yanaşı, ümumilikdə Türk dünyası üçün əhəmiyyətini də diqqətə çatdırıb.

Batuhan Mumcu Bakıdakı Türk Şəhidliyi memorialını da ziyarət edib, 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda canından keçmiş Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsini yad edib.

Nazir müavini bununla bağlı özünün sosial şəbəkə səhifəsində “Bakı Türk Şəhidlik məzarlığını ziyarət etdik. Mübarizə ruhla olur. Azərbaycanın müstəqilliyi üçün ruhu ilə mübarizə aparan Qafqaz İslam Ordusunun şəhidlərini rəhmət və rəhmətlə yad edirik”, – deyə paylaşım edib.