Xəbər verildiyi kimi, oktyabrın 14-də XVIII Bakı Beynəlxalq Caz Festivalı (6-15 oktyabr)  çərçivəsində Heydər Əliyev Mərkəzində Əməkdar rəssam, özünəməxsus üslubu ilə tanınan Eldar Qurbanın “Cazın ağ quşları” adlı fərdi sərgisi də açılıb.

“Rəssam üçün inkişafın göstəricisi, təbii ki, sərgilərdir. Sərgilərdə bu və ya digər rəssamın yaradıcılığının hansı səviyyədə olduğu aydın görünür... Yeni obraz, yeni mövzu yuxuda da gələ bilər, adi bir gündə hansısa insanın, hansısa təbiət təzahürünün təsirindən də doğa bilər...” – Eldar Qurban vaxtilə bizimlə söhbətlərinin birində belə demişdi.

Rəssamın budəfəki sərgisində isə müxtəlif caz ifaçılarının və kollektivlərinin təsvirləri, caz mövzusunda tablolar yer alıb.

Sərgidə çıxış edən mədəniyyətşünas Telman İbrahimov bildirdi ki, İkinci Dünya müharibəsindən 1980-ci illərin ikinci yarısına kimi dünyada, eləcə də Azərbaycanda caz ağ-qara formada təsəvvür olunurdu: “1980-ci illərin ikinci yarısından başlayaraq caz rəngləndi. Eldar Qurbanın yaradıcılığında da cazın rəngləri çox gözəl ifadə olunub. Eldar Qurban yaradıcılığa muğamın təsvirləri ilə başlasa da, sonradan öz rəsm əsərlərini cazın dili ilə “danışdırdı”. Məlumdur ki, sovetlər dönəmində caza qulaq asmaq müsbət qarşılanmırdı. Eldar Qurban məhz o məhdudiyyətlərin olduğu dövrdə caza qulaq asanlardandır. Odur ki, rəssamın cazla bağlı yaradıcılığı təsadüfi deyil”.

Eldar Qurbanın əsərləri, ilk növbədə, yay assosiasiyası doğurur. Əlbəttə, bu, subyektiv təəssüratdır. Və yəqin ki, fırça ustasının rəsm əsərlərində istifadə etdiyi qaynar boyaların, isti rənglərin, ilıq çalarların bolluğundan doğur. Bu payız günlərində də Heydər Əliyev Mərkəzinə baş çəkənlərin də improvizə dolu rəsmlərə baxıb, cazı bir də tablolarda “dinləmək” şansı vardı...

Samirə Behbudqızı