Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22 oktyabr – 8 noyabr tarixlərində “Zəfər” musiqi və teatr festivalı keçirilir.

8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan festival paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarların tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

Tədbirlərə ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq konsert və tamaşalara şəhid və qazi övladları dəvət ediləcəklər.

Festivalın ilk tədbiri olaraq oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin “Balaca kişilər” əsərinin tamaşası (quruluşçu rejissor Əməkdar artist Nicat Kazımov) nümayiş olunub.

Oktyabrın 27-də Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Kamera və Orqan Musiqisi Zalında Azərbaycan bəstəkarlarının Zəfərə həsr olunmuş və qəhrəmanlıq mövzulu əsərlərindən ibarət proqram təqdim ediləcək.