Tatarıstan Respublikasının (RF) paytaxtı Kazanda “Avropa sivilizasiyasının yazı tarixi və Rusiya xalqlarının yazı mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Əlyazmaların elektron resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova konfransda iştirak ediblər.

İnstitutdan bildirilib ki, Rusiya Federasiyasının subyektləri və MDB məkanından mətnşünas, mənbəşünas, dilçi, arxeoqraf və kitabşünaslarının dəvət aldığı konfransın plenar iclasında Əzizağa Nəcəfzadə “Ərəb yazı sisteminin türk-Azərbaycan sivilizasiyası tarixində sosial-mədəni rolu” mövzusunda, Aynur Nəcəfova isə “Ərəb qrafikalı yazılı mənbələr” adlı bölmə iclasında “Tatar ədəbiyyatının klassikləri Anna Axmatovanın tərcümələrində” mövzusunda məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.

Əlyazmalar İnstitutunun alimləri konfrans çərçivəsində Tatarıstan Respublikası Milli Kitabxanasının sərgi zalında təşkil olunmuş və orijinal yazılı abidələrin təqdim olunduğu “Avropa və Şərq sivilizasiyasının yazı tarixi” adlı sərgi və Kazan (Volqaboyu) Federal Universitetinin N.İ.Lobaçevski adına Elmi Kitabxanasının Əlyazmalar və nadir kitablar şöbəsinin qiymətli kitablar kolleksiyası ilə tanış olublar.