Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Komediya və performans məktəbinə müraciətlərin qəbuluna başlanılıb.

Komediya və performans məktəbi insanların ünsiyyət bacarıqlarını təkmilləşdirən və yumor hissini inkişaf etdirən, ən əsası isə peşəyə yiyələnmək imkanı yaradan təsisatdır. Tədris Azərbaycan, ingilis və rus dillərində aparılacaq. Məktəbə yaradıcı bacarığı olan 15 yaşdan yuxarı hər kəs müraciət edə bilər.

Layihənin məqsədi onlara səhnədə öz potensiallarına çatmaqda kömək etməkdir. Təhsili başa vuran məzunlar təkcə peşəkar komediyaçı deyil, həm də aparıcı, aktyor, ssenari müəllifi ola bilərlər.

Məktəbin direktoru Teymur Kərimzadə komediya ustası, stendap-komediyaçı, radio aparıcısı, Azərbaycanda “Comedy Bazaar” platformasının təsisçisidir.

Layihənin kreativ direktoru və təhsil üzrə rəhbəri Cavid Qurbanovdur. O, məşhur telelayihələrin həmtəsisçisi, bir çox komediya şoularının prodüseri və ssenaristi Semyon Slepakovla həmmüəllifdir.

Məktəbin bədii rəhbəri komediya aktyoru, rejissor, ssenari müəllifi, “Planeta Parni iz Baku” ŞHK-nın üzvü Ələkbər Əliyevdir.

Qeydiyyat oktyabr ayının 30-dək davam edəcək. Kursa qatılmaq istəyənlər edu.creative.az linkinə daxil olub “Komediya və performans məktəbi” bölməsində qeydiyyat üçün müraciət edə bilər.