İtaliyalı gənc maestro, beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində konsert proqramı ilə çıxış edib.

O, 1998-ci ildə Milanda musiqiçi ailəsində doğulub, fortepiano ilə 4 yaşında məşğul olmağa başlayıb. 14 yaşında “La Feniçe” orkestrində debüt edib. 17 yaşında konservatoriyanı fərqlənmə ilə bitirib. 2018-ci ildə  “American Protégé International Piano and String Competition” müsabiqəsində birinci mükafatı qazanıb və bu, ona Nyu-Yorkdakı “Carnegie Hall”da çıxış etmək imkanı verib. Həmin ildə Düsseldorfda Anton Rubinşteyn adına müsabiqədə birinci mükafata sahib olub.

İtaliyalı pianoçu Bakı konsertində Ferens List, Moris Ravel, Klod Debüsi, Eytor Vila-Lobos və Alberto Xinasteranın fortepiano şedevrlərindən ibarət proqram təqdim edib.

Yaradıcılığı, konsert və Bakı ilə tanışlıq təəssüratı ilə bağlı AZƏRTAC-a müsahibə verən ifaçı paytaxtımıza növbəti gəlişində Azərbaycan bəstəkarının əsərini də repertuarına salacağını deyib. Ötən il Parisdə “École normale supérieure”nun pedaqoqu Rəna Şereşevskayadan dərs aldığını deyən pianoçu Vaqif Mustafazadənin yaradıcılığı ilə də tanış olduğunu deyib: “Təəssüf ki, bu dəfə Vaqif Mustafazadənin kompozisiyasından nə isə hazırlamaq alınmadı, lakin Bakıda yenidən olmaq mənə nəsib olarsa, o halda mütləq Azərbaycan bəstəkarının əsərini ifa edəcəyəm”.