Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıta səfər edib. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə ölkə başçısının müvafiq fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına burada görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev sənaye parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin, “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlqoyma mərasimlərində iştirak edib.

Dövlət başçısı sənaye parkının rezidentlərindən olan “Novus Plastica” MMC-nin polimer qatqıları, “Universal Qablaşdırma Sənaye” QSC-nin qablaşdırma məhsulları və “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələr istehsalı müəssisələrinin açılışını edib.

***

Dövlət başçısı 150 çarpayılıq 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.