Oktyabrın 25-i Azərbaycan tarixinin şan və şərəf salnaməsi olan Vətən müharibəsində daha bir qalibiyyət səhifəsinin – Qubadlı şəhərinin 27 illik işğaldan azad edilməsinin üçüncü ildönümüdür.

2020-ci ilin 25 oktyabrında, Vətən müharibəsinin 29-cu günündə cəbhənin müxtəlif istiqamətlərində işğalçı erməni qüvvələrini qovaraq, uğurlu döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Ordusunun bölmələri Qubadlı şəhərinə daxil olub. Prezident, Ali Baş Komandan İlham Əliyev bunu ilk olaraq həmin gün axşam saatlarında növbəti qalibiyyət tviti ilə xalqa çatdırdı.

Səhəri gün isə televiziya ilə xalqa müraciət edən  Ali Baş Komandan Qubadlı şəhərinin, eləcə də Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin işğaldan azad olunduğunu bildirdi. Bu, Vətən müharibəsi gedişində dövlət bacısının xalqa qalibiyyət müjdəli beşinci müraciəti idi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günüdür.

Qubadlı Vətən müharibəsində Cəbrayıl, Füzuli və Zəngilandan sonra müzəffər Azərbaycan əsgərinin ayaq basdığı və bayrağımızı ucaltdığı 4-cü rayon mərkəzidir. Rayon 1993-cü ilin 31 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində – Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşir. Qərbdən 120 km məsafədə Ermənistan ilə həmsərhəddir, şimalda Laçın rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə əhatələnib. Ərazisi 802 kvadrat kilometrdir.