Moskvada “İrs-Nasledie” jurnalının daha bir nömrəsi çapdan çıxıb.

Nəşrin buraxılışı Ermənistandan deportasiya edilmiş Azərbaycan qaçqınlarının qayıtması məsələsinin retrospektiv təhlilinə həsr olunmuş məqalə ilə açılır.

Jurnalın baş redaktoru Musa Mərcanlının məqaləsində qeyd olunur ki, Azərbaycan dövləti erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və keçmiş məcburi köçkünlərin bu ərazilərə qaytarılması, eləcə də erməni əhalisinin reinteqrasiyası üzrə sistemli iş aparır.

“Belə şəraitdə Ermənistan Respublikası ərazisindən olan qaçqınlarla bağlı Azərbaycan xalqı üçün daha bir ağrılı problem aktuallaşıb. Ermənistan ərazisinin – Qərbi Azərbaycan torpaqlarının yerli əhalisi olan azərbaycanlılar XX əsrdə üç zorakı deportasiya mərhələsi yaşayıblar: 1918-1920-ci illərin qanlı etnik təmizləmələri, 1947-1952-ci illərin məcburi yerdəyişmələri, sovet rejimi tərəfindən aparılmış 1988-1989-cu illərin zorakı “yenidənqurma” dövrü deportasiyası”, - məqalədə deyilir.

Müəllif vurğulayır ki, Qarabağ ermənilərinin reinteqrasiyası üzrə konkret addımlar atan Azərbaycandan fərqli olaraq, Ermənistanın siyasi liderləri azərbaycanlıların bu ölkədə tarixi yerləşdirmə yerlərinə qayıtması və onlara qarşı yol verilmiş ədalətsizliyin aradan qaldırılması məsələsini ciddi müzakirə etməyə hələ ki hazır deyillər.

Jurnalda ermənilərin Cənubi Qafqaza miqrasiyasının tarixi-geosiyasi aspektlərinə həsr olunmuş daha bir material Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Yazıda tarixi mənbələr əsasında qədim dövrdə ermənilərin əcdadlarının Balkan yarımadasından Kiçik Asiyaya miqrasiyasının, bu bölgənin şərq hissəsində erməni etnosunun formalaşmasının və sonradan onun Cənubi Qafqaza köçməsinin tarixi, habelə bu bölgədə erməni dövlətçiliyinin formalaşması uğrunda mübarizənin başlanması və dəstək üçün Avropa və Rusiyaya emissarların göndərilməsindən bəhs olunur.

Budəfəki nömrədə tarix həvəskarları üçün "Ermənistan" adının və "ermənilər" etnoniminin mənşəyi haqqında daha çox məlumat əldə etmək maraqlı olacaq. Nömrədə dərc edilmiş məqalədə Azərbaycan ərazisində xristian irsinin tarixinə geniş yer ayrılıb. Azərbaycan-Gürcüstan sərhədinin keçdiyi Keşikçidağdakı mağara məbəd-monastır kompleksinə həsr olunmuş material oxucuların diqqətinə təqdim olunur, məqalənin son hissəsi isə Qarabağdakı Alban avtokefal kilsəsinin və onunla bağlı abidələrin tarixindən bəhs edir.

Nömrədə, həmçinin Azərbaycanın görkəmli ədəbiyyat, rəssamlıq və fotoqrafiya sənət xadimlərinə həsr olunmuş ənənəvi rubrikaların materialları yer alıb ki, bu da oxucunun Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında biliklərini genişləndirməyə kömək edəcək.