Azərbaycan Mətbuat Şurasında “Zaqatala” qəzetinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Oktyabrın 26-da gerçəkləşən tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid əvvəlcə yubilyar nəşrin tarixindən və keçdiyi yoldan bəhs edib. Bildirib ki, 1923-cü ildə Zaqatala rayonunda fəaliyyətə başlamış qəzet müxtəlif illərdə ayrı-ayrı adlarla fəaliyyət göstərib. 1991-ci ildən isə “Zaqatala” kimi işıq üzü görməkdədir.

Bölgələrdə qəzet nəşr etməyin, onun nüfuzunu qorumağın fədakarlıq tələb etdiyini vurğulayan R.Məcid “Zaqatala” qəzetini də fədakar jurnalist əməyinin məhsulu kimi qiymətləndirib. Qəzetin baş redaktoru İbrahim İbrahimlinin və baş redaktor müavini Elmira Mehdiyevanın jurnalist peşəsinə sadiqliklərindən söz açan R.Məcid MŞ-nin diplomunu İ.İbrahimliyə təqdim edib.

MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, “Zaqatala” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi İ.İbrahimli, Əməkdar jurnalist Rəhim Hüseynzadə, “Lent.az” saytının baş redaktoru Hafiz Heydərov, Yevlaxın “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Qax rayonunun “Şəlalə” qəzetinin baş redaktoru Xavər Əfəndiyeva, “Mədəniyyət” jurnalının əməkdaşı Qurban Cəbrayıl və başqaları nəşrin region mətbuatındakı rolundan danışıb, xatirələrini bölüşüblər.

Qəzetin baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi E.Mehdiyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.