Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) böyük akt zalında “Qərbi Azərbaycana doğru – Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib. Tədbir Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd və Paşalı icmalarının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və qonaqlar 8 Noyabr – Zəfər Gününə həsr olunmuş guşənin açılışını ediblər.

Açılış nitqi ilə çıxış edən Cəfər Cəfərov qonaqları salamlayıb, tədbirin ADPU-da keçirilməsindən məmnunluğunu bildirib.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxışında Vətən torpaqlarının bir çox qaranlıq səhifələrinin Qərbi Azərbaycan coğrafiyası ilə bağlı olduğunu deyib, Dərələyəz mahalının tanınmış şəxsiyyətlərindən mərhum professor Həsən Mirzəyevi rəhmətlə xatırladığını dilə gətirib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova qeyd edib ki, Dərələyəz deyərkən ulu torpaqlarımız yada düşür: “24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup ziyalılarla görüşündə iştirak etdim və dövlət başçısının inamlı çıxışı sayəsində bir daha anladıq ki, mütləq Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq”.

Milli Məclisin deputatları Fəzail Ağamalı, Musa Quliyev, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının üzvləri Müşfiq Mirzəyev, Faiq Xudiyev, Səməd Vəkilov, akademik Abel Məhərrəmov, professor Firuzə Abbasova məruzə ilə çıxış ediblər.

Tədbirdə aşıq Ədalət Dəlidağlının və fakültənin “Meh” ədəbi dərnəyi üzvlərinin təqdim etdiyi bədii proqram maraqla qarşılanıb.

Sonda professor Mahirə Hüseynovanın “Dərələyəz” şeiri fonunda Dərələyəz mahalının əsrarəngiz təbiətini əks etdirən videoçarx nümayiş etdirilib.