Azərbaycan Rəssamlar İttifaqı (ARİ) Qazaxıstan Rəssamlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar və birgə keçiriləcək sərgi çərçivəsində müasir Azərbaycan rəssamlarının əsərlərini həmkarlarına hədiyyə edəcək. Rəsm əsərləri Abılxan Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyi və Qazaxıstan Milli Muzeyi eksponatlarının bir hissəsi olacaq.

ARİ-dən bildiriblər ki, noyabrın 7-də Almatı şəhərindəki Qazaxıstan Dövlət İncəsənət Muzeyində yerli rəssamların əsərlərindən ibarət yubiley sərgisi açılacaq. Dekabrın 13-də isə həmin sərgi paytaxt Astanada – Qazaxıstan Milli Muzeyində nümayiş olunacaq. Sərginin ekspozisiyasına azərbaycanlı rəssamların da əsərləri daxil ediləcək.

Qazaxıstandakı sərgiyə Nazim Rəhmanovun (“Ana və uşaq”, 2009), Həmzə Abdullayevin (“Abşeronda bahar”, 2023), Bəhram Xəlilovun (“City Red Medit”, 2001), Adil Yusifovun (“Gəmi”, 2020) rəsmləri göndəriləcək.

ARİ yubiley münasibətilə qazaxıstanlı həmkarlarına təbrik məktubu da ünvanlayıb.