“Topla və təqdim et: milli kitabxanalar və onların kolleksiyaları”

 

1-2 noyabr tarixlərində Qətərdə Asiya və Okeaniya Milli Kitabxanaları Direktorları Konfransının (The Conference of Directors of National Libraries in Asia and Oceania – CDNLAO) 28-ci iclası keçirilib.

Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Qətər Milli Kitabxanasının dəvəti ilə toplantıda iştirak edib.

“Topla və təqdim et: milli kitabxanalar və onların kolleksiyaları” mövzusunda iclası Qətər Milli Kitabxanasının icraçı direktoru Tan Huism açıb. Sonra IFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) prezidenti Vicki Mcdonaldın çıxışı dinlənilib. IFLA-nın Asiya və Okeaniya üzrə Regional Ofisinin regional meneceri Mişel Launun təqdimatı da iştirakçıların nəzərinə çatdırılıb.

İclasda “İcmalarımızı təmsil edən məzmunun toplanması (fiziki və rəqəmsal)”, “Kolleksiyaların mühafizəsi və əlçatan olması”, “Ölkənin kolleksiyası ilə icmaları aktivləşdirmək və cəlb etmək” mövzuları müzakirə edilib.  

Ədibə İsmayılova “Milli kitabxanalar milli-mənəvi dəyərlərin qoruyucusudur” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda milli-mənəvi dəyərlərin qorunmasında kitabxanaların rolundan, Azərbaycan Milli Kitabxanasının tarixi və zəngin kolleksiyalarından, Azərbaycanda kitab mədəniyyətinin ilk nümunələri, 1875-1930-cu illəri əhatə edən dövri mətbuat nəşrləri, unikal “Səs yazıları fondu”, eləcə də Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl fondu”, onların qorunması, əlçatanlığının təmin edilməsi üçün həyata keçirilən layihələrdən, habelə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən bəhs edilib. Təqdimat maraqla qarşılanıb.

Direktor müavini Qətər Milli Kitabxanasının fonduna Milli Kitabxana tərəfindən hazırlanmış “Nizami-880” adlı disk-albomu, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin diskini (instrumental əsərləri) və “Salam, Azərbaycan!” adlı kitabı hədiyyə edib.

Qeyd edək ki, Asiya və Okeaniya Milli Kitabxanaları Direktorlarının Konfransı (CDNLAO) hər il ümumi maraq doğuran kitabxana məsələlərini müzakirə etmək, resurs və məlumat mübadiləsini təşviq etmək üçün toplanır. Bu platformada ilk görüş 1979-cu ildə keçirilib.