Heydər Əliyev Mərkəzində açılan sərgi üç ay davam edəcək

 

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində ziyarətçiləri Azərbaycan tarixinin altı əsr öncəsinə vizual səyahətə aparacaq “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərgi açılıb. Sərgidə görkəmli sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq mümkündür.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür.

Sərgi Heydər Əliyev Mərkəzi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Milli Müdafiə, Mədəniyyət və Turizm nazirlikləri, Türkiyənin Azərbaycandakı Səfirliyi və Yunus Əmrə İnstitutunun birgə layihəsi olaraq ərsəyə gəlib.

Mərkəzin foyesində ziyarətçiləri Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim musiqi alətləri ansamblı salamlayıb. Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbərliyi ilə “Mirvari” rəqs qrupunun ifasında “Qılınclar ilə rəqs” təqdim edilib. “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədovanın ifasında “Sarı gəlin” xalq mahnısı səslənib.

Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə Türkiyənin İstanbul şəhərindəki Hərb Muzeyindən nadir eksponatlar yer alıb. Onların sırasında Uzun Həsənə aid olan zirehli geyim də var. Sərgidə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Tarix Muzeyi, Milli Xalça Muzeyi və Gəncə Tarix-Diyarşünaslıq Muzeyindən eksponatlar nümayiş etdirilir.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Hərb Muzeyi (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) kolleksiyanın Türkiyədən kənarda ilk dəfə qardaş Azərbaycanda sərgiləndiyini diqqətə çatdırıb.

Sərginin Heydər Əliyev Mərkəzi kimi möhtəşəm məkanda təşkilinin əhəmiyyətini vurğulayan səfir layihənin ərsəyə gəlməsində Yunus Əmrə İnstitutunun töhfəsini xüsusi qeyd edib, həmçinin verdiyi dəstəyə İstanbul Hərb Muzeyinə, İstanbul Topqapı Muzeyinə və Türkiyə Dövlət Arxiv İdarəsinə minnətdarlığını bildirib.

Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş Heydər Əliyev Mərkəzində olmaqdan məmnunluğunu bildirib: “Türkiyənin və Azərbaycanın tarixi keçmişində mühüm yeri olan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənə aid sərginin açılışında iştirak etmək, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” anlayışını yenidən canlandırmaq baxımından həqiqətən dəyərlidir”.

Rəhbərlik etdiyi institutun Azərbaycandakı gələcək fəaliyyətindən danışan Ş.Atəş xalqlarımzı bir araya gətirmək üçün belə fəaliyyətlərə dəstək göstərməyin vacib olduğunu qeyd edib: “İnanıram ki, bu sərgi üç ay ərzində Azərbaycanda çoxlu insanlar tərəfindən ziyarət ediləcək”.

Türkiyə Dövlət Arxivinin rəhbəri professor Uğur Ünal da sərgiyə töhfə verməkdən məmnun olduqlarını deyib: “Arxivlərin diqqətdən kənarda qalaraq yazılan bir tarix heç vaxt reallığı əks etdirməyəcək. Real tarix yazmaq ancaq arxiv qeydləri ilə mümkündür”, – deyə o əlavə edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara xatın – Azərbaycan tarixində ilk diplomat qadın” və digər bölmələrdən ibarətdir. Burada Uzun Həsən, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara xatın, Uzun Həsənin həyat yoldaşı Despinə xatın haqqında məlumatlar yer alıb.

“Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kic­̧ik bəylikdən imperiyaya çevirməyə nail olmasından danışılır. Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdirilir. Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkündür.

“Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə yer ayrılması da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafına dair məlumatlar, Topqapı Sarayı Muzeyindən miniatürlər, Türkiyənin Dövlət Arxivləri İdarəsindən Uzun Həsənin fərman və məktublarının surətləri ziyarətçilərə təqdim edilir.

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar da yer alıb.

Eksponatlar arasında 1470-1480-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkündür. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar, eləcə də Uzun Həsənin mum heykəli və portreti də hazırlanıb.

İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri təqdim edilir. Multimedia zalında Uzun Həsənə həsr edilən film də nümayiş olunur.

Sərgidə Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim edilir. Ziyarətçilər suvenirləri sərginin davam etdiyi müddətdə əldə edə biləcəklər.

“AzerGold” şirkətinin Uzun Həsənin 600 illiyi münasibətilə hazırladığı qızıl sikkə də sərgidə nümayiş olunur və suvenir bölməsində məhdud sayda satışa çıxarılacaq.

Uzun Həsənin 600 illiyi münasibətilə “Azərpoçt” MMC tərəfindən poçt markası dövriyyəyə buraxılıb və sərginin açılışında markanın təqdimatı olub.

Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb.

Sərgi 2024-cü il yanvarın 17-dək davam edəcək.