IX Bakı Beynəlxalq Kitab Sərgisinin zəngin proqramı var

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixlərində IX Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Bu münasibətlə noyabrın 7-də mətbuat konfransı təşkil olundu. Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə media mənsublarının suallarını cavablandırdılar.

Nazirliyin şöbə müdiri bildirdi ki, Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Sərgidə 11 xarici ölkədən 31 qurum, eləcə də 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənayesi ilə əlaqəli müəssisə iştirak edəcək.

“Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə keçiriləcək sərginin builki  fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Rusiyadan Dmitri Bak, Dmitri Danilov, Aleksey Salnikov, Anastasiya Strokina, Vera Boqdanova və digər yazarlar, tərcüməçilər sərgiyə qatılacaqlar.

Türkiyədən İsgəndər Pala, Tayfun Atmaca, Yunus Şen, Nimet Yıldırım, Gürcüstandan Nana Ekvtimişvili və ingilis yazıçı Anne Tomson sərgidə iştirak edəcəklər. Oman yazıçısı, 2019-cu il üzrə “Buker” mükafatını qazanmış Coxa əl-Harsi (Jokha Alharthi) də sərgiyə fəxri qonaq kimi dəvət olunub. Ümumilikdə bir neçə ölkədən 20-dən çox yazıçı sərgidə iştirak edəcək.

Sərginin Azərbaycandan fəxri qonaq müəllifləri isə Xalq yazıçısı, Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud və tanınmış şair Şəhriyar Del Gerani olacaq.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, kitab sənayesi sektorunun subyektləri arasında görüşlər təşkil ediləcək.

Ümumilikdə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərgi müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50 faiz endirim olunacaq.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə diqqətə çatdırdı ki, sərgidə “Zəfər”, “Şuşa” və “Xudafərin” adlı üç təqdimat zonası fəaliyyət göstərəcək. Sərgiyə ildən-ilə marağın artdığını qeyd edən B.Hidayətzadə dedi ki, sərgidə ilk dəfə Qətər Dövləti və Kolumbiya da təmsil olunacaq.

Bildirildi ki, sərgi səhər 10:00-dan axşam 20:00-dək açıq olacaq. Ənənəvi olaraq bu dəfə də sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Sərgiyə giriş sərbəstdir.

Lalə Azəri