Ali hərbi rütbə və təltiflər barədə də sərəncamlar imzalanıb

 

Prezident İlham Əliyev noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması barədə fərman imzalayıb. Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında da fərman imzalayıb. Fərmanla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb. Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən orta hesabla 20 faiz artırılır.

Dövlət başçısı noyabrın 7-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar da imzalayıb.