Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə noyabrın 6-da görkəmli musiqişünas alim, bəstəkar, şair, xanəndə, xəttat Əbdülqadir Marağayinin (1353-1435) 670 illiyinə həsr olunmuş tədbir keçirilib.

BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək Əbdülqadir Marağayinin Azərbaycan musiqi tarixində özünəməxsus yer tutduğunu bildirib. Qeyd edib ki, Ə.Marağayi böyük Azərbaycan alimi olmaqla yanaşı, həm də zəngin irsi ilə bütün Yaxın və Orta Şərqin mənəvi övladıdır. Onun adı Şərqin böyük alimləri S.Urməvi və əl-Fərabi ilə eyni sırada çəkilir və irsinin bu gün də öyrənilib təbliğ edilməsinə ehtiyac var.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova muzeyin Qədim musiqi alətləri ansamblının fəaliyyəti haqqında, Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva Ə.Marağayinin yaradıcılığı ilə bağlı çıxış ediblər.

Sonda muzeyin Qədim musiqi alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Munis Şərifov) ifasında Ə.Marağayinin “Heydərnamə”, “Naxışbəstə” və "Hüseyni-bəstə" əsərləri səslənib.