Noyabrın 11-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Rusiyanın Tərcümə İnstitutunun birgə layihəsi olan “Aydınların zamanı” seriyasından kitabların təqdimat mərasimi keçirilib.

Təqdimatda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Püstə Axundova, Rusiya Tərcümə İnstitutunun icraçı direktoru, yazıçı Yevgeni Rezniçenko, yazıçı-tərcüməçi Etimad Başkeçid, yazıçı-jurnalist Afanasi Məmmədov, şair-dramaturq Dmitri Danilov, uşaq yazıçısı Anastasiya Strokina və digərləri çıxış ediblər.

Çıxışlar zamanı son illər ölkəmizdə tərcümə sahəsində sürətli inkişafın olduğu qeyd edilib, Azərbaycanla Rusiya arasında ədəbiyyat və tərcümə sahəsində sıx əlaqələrin mövcud olduğu, bu gün də bu prosesin davam etdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, “Aydınların zamanı” seriyasında beş Azərbaycan yazıçısının kitabları rus dilinə, beş rus yazarının kitabları isə Azərbaycan dilinə tərcümə edilərək yayımlanıb.

Seriyada Fyodor Dostoyevskinin “Balaca qəhrəman” seçilmiş əsərləri, Dmitri Danilovun “Salam, Saşa!” romanı, Andrey Platonovun “Çevenqur” romanı, Afanasi Məmmədovun “Babelon gəmisi” romanı və digər əsərlər tərcümə olunub.