Hər iki tərəf münasibətləri genişləndirməkdə maraqlıdır

 

Xəbər verildiyi kimi, 7-22 noyabr tarixlərində Parisdə UNESCO Baş Konfransının 42-ci sessiyası keçirilir. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Qeyd edək ki, ölkəmiz UNESCO ali toplantısının sədarətində də təmsil olunur. Sessiyanın ilk günü Baş Konfransın prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələr üzrə sədr vəzifələrinə səsvermə keçirilib. Azərbaycan UNESCO Baş Konfransının 42-ci sessiyasının vitse-prezidenti seçilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Elnur Məmmədov sessiya çərçivəsində UNESCO-nun baş direktoru Odre Azule ilə görüşüb.

Görüşdə UNESCO və Azərbaycan arasında mədəniyyət, təhsil, sosial və humanitar elmlər, xüsusilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi” və mədəni irsin qorunması kimi sahələrdəki əlaqələrə toxunulub. Cari il sentyabrın 10-dan 25-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası çərçivəsində ölkəmizin iki mədəni irsinin – “Xınalıq və Köç Yolu mədəni landşaftı” və “Hirkan meşələri”nin Dünya İrs Siyahısına daxil edildiyi və bununla ölkəmizin bu siyahıda mövcud olan maddi mədəni irs nümunələrinin sayının beşə çatdığı qeyd edilib.

Nazir müavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, həmçinin indiki Ermənistan ərazisində ölkəmizə məxsus mədəni irsin məqsədli şəkildə dağıdıldığını və talan edildiyini qeyd edərək bununla bağlı vəziyyətin araşdırılması məqsədilə Ermənistana UNESCO faktaraşdırıcı missiyasının göndərilməsinin vacibliyini vurğulayıb. Həmçinin görüşdə Azərbaycanın dəvəti ilə BMT missiyasının Azərbaycanın Qarabağ bölgəsinə iki səfərinə dair məlumat verilib.

Elnur Məmmədov ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Baş direktor Odre Azule də UNESCO-nun Azərbaycanla münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu deyib.