Noyabrın 11-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyevə həsr edilən qısa sənədli film nümayiş olunub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Ulu öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, qorunmasında misilsiz xidmətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu çıxış ediblər.

Çıxışlarda təqdimatı keçirilən “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olacağı qeyd edilib. Biblioqrafiyanın Heydər Əliyev irsinə dair bütün elmi əsərləri özündə topladığı, eyni zamanda ümumilikdə Azərbaycanın yeni tarixinin biblioqrafiyası olduğu vurğulanıb.

***

Noyabrın 13-də sərgi çərçivəsində Milli Kitabxananın direktor müavini Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılovanın tərtib etdiyi “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimatı olub.

Milli Kitabxananın direktoru Kərim Tahirov nəşr haqqında qonaqlara məlumat verib, fotoalbomun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər çıxış edənlər bu il 100 yaşı tamam olan Milli Kitabxananın Azərbaycanda kitab sənayesinin inkişafında rolundan söz açıblar. Fotoalbomun bu yubileyə töhfə olduğu, bir əsrlik tarixin maraqlı anlarını özündə əks etdirdiyi vurğulanıb.