Özbəkistan nümayəndə heyəti 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə (11-15 noyabr) sanballı nəşr layihəsi ilə qatılmışdı. Prezident Şavkat Mirziyoyevin 2019-cu ildə imzaladığı müvafiq sərəncam əsasında nəşr edilmiş 100 cildlik “Türk ədəbiyyatının inciləri” toplusunun sərgidə təqdimatı keçirilib.

Özbəkistan Dövlət Nəşriyyatının baş redaktoru Muhiddin Omanov nəşr haqqında məlumat verib. Qeyd edib ki, yüzcildlikdə türk xalqlarının şair və yazıçılarının özbək dilinə tərcümə olunmuş əsərləri toplanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərimulla Məmmədzadə diqqətə çatdırıb ki, “Türk ədəbiyyatının inciləri” toplusunun 16 cildi Azərbaycan ədəbiyyatını əhatə edir. Burada 183 azərbaycanlı müəllifin əsərləri yer alıb.

Özbəkistanın Azərbaycandakı Səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Atabek Ramazanov yüzcildliyi Türk dünyası tarixində önəmli bir hadisə kimi dəyərləndirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da nəşr layihəsini  yüksək qiymətləndirib və onun qardaş xalqlarımız arasında mədəni əlaqələrə böyük töhfə olduğunu vurğulayıb.