ABŞ Konqresinin yuxarı palatası – Senat “2023-cü il Ermənistanı Müdafiə Aktı” adlı sənəd qəbul edib. Qanun layihəsinə əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasından imtina etmək hüququndan məhrum edilir.

Xatırladaq ki, 1992-ci ildə ABŞ Konqresində qəbul olunan “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş” Azərbaycana dövlət xətti ilə yardımı qadağan edir. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-nin terrorla mübarizə səylərini dəstəklədiyi zaman Ağ Evin təşəbbüsü ilə “907-ci düzəliş”in icrası müvəqqəti dayandırılmışdı. ABŞ Prezidenti hər il bununla bağlı Konqresə müraciət edirdi.

Qanun layihəsi Nümayəndələr Palatası tərəfindən də qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.