Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyası Gününə (20 noyabr)  həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim şagird heyəti ilə yanaşı, Nəsimi Rayonu Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis mayoru Vüsal Qafarov və inspektor polis mayoru Yeganə Zeynalova iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra şagirdlər tərəfindən Azərbaycan, rus, ingilis və fransız dillərində şeirlər qiraət edilib, səhnəciklər və “Haydı, gəlin, uşaqlar!”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı rəqs kompozisiyaları nümayiş olunub.

Tədbirdə 1989-cu ilin 20 noyabr tarixində BMT tərəfindən qəbul edilmiş 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verilib. Qeyd olunub ki, hər il 20 oktyabr – 20 noyabr tarixləri arasında ölkəmizdə “Uşaq hüquqları aylığı” keçirilir.