“Yaradıcı həftə” isə davam edir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçirildi.

Noyabrın 30-da forumun sonuncu panel sessiyası gerçəkləşdi.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən panel “Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi” mövzusuna həsr olunmuşdu.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova “Yaradıcı həftə”nin və bu layihə çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşməsi, yeniliklərə hər zaman açıq olması, müxtəlif mədəniyyətləri özündə birləşdirməsi xalqımızın yüksək yaradıcı potensialını şərtləndirib. 

Bildirildi ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb.

Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb. Qrupun fəaliyyətinin dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb.

Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu tərtib edilir. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında digər müvafiq dövlət qurumlarının da dəstəyinə ehtiyac var.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA çoxşaxəli fəaliyyət göstərir. Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması önəm kəsb edir.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlərini bölüşdü, son illər bu istiqamətdə ölkəmizdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl sektorun əməkdaşlığı zəruridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması barədə danışdı.

Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırıldı, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparıldı.

Bununla da üçgünlük Mədəniyyət və Yaradıcı Sənayelər Forumu işini başa çatdırdı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə”nin (27 noyabr – 3 dekabr) tədbirləri isə davam edir.