Noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində iki ölkənin Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın beşinci görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Komissiya tərəfindən iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.

Eyni zamanda tərəflər komissiyanın fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılmasını qərara alıb.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.