Dekabrın 1-də görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Azər Dadaşovun anadan olmasının 77-ci ildönümü tamam olur.

Böyük musiqiçi Qara Qarayevin  tələbəsi olmuş Azər Dadaşov zəngin yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib. O, 15-dək simfoniyanın, müxtəlif janrlarda maraqlı əsərlərin, o cümlədən 20-dən çox filmə yazılmış musiqilərin müəllifidir. Əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunub.

Azər Dadaşovun yaradıcılığında vətənpərvərlik mövzusunda əsərlər geniş yer tutur. Onun “Ana yurd”, “Bu Vətən ölə bilməz” kantata-andı bu baxımdan diqqətəlayiq nümunələrdəndir.

Bəstəkar bu gün də sənət axtarışlarını davam etdirir, musiqi mədəniyyətimizi zənginləşdirən bir-birindən maraqlı əsərlər ərsəyə gətirir.

Bəstəkarın yaradıcılığı həmişə diqqət mərkəzində olub. Son illərdə bəstəkarın yaradıcılığına həsr olunan gənc pianoçuların iştirakı ilə ənənəvi müsabiqə keçirilir.

Sənətkarı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və yaradıcılıqla zəngin uzun ömür diləyirik.