Bu il Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, estrada müğənnisi və kinoaktyor Mirzə Babayevin (1913-2003) anadan olmasının 110, vəfatının 20-ci ildönümüdür.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbində sənətkarın yubileyinə həsr edilmiş konsert keçirilib.

Çıxışçılarda bildirilib ki, Mirzə Babayev Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, bənzərsiz səsi, ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb. O, həmçinin çoxsaylı Azərbaycan filmlərində həyat verdiyi bir-birindən maraqlı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.  

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Mirzə Babayevin repertuarından mahnılar səsləndirilib.
Sənətkarın Azərbaycan estradasına və kino sənətinə göstərdiyi xidmətləri əks etdirən videoçarxlar nümayiş olunub.