Dekabrın 8-də saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasında rəssamın Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xəzər” Muzey Mərkəzinin kolleksiyasında yer alan rəngkarlıq və qrafika nümunələri, eləcə də şüşə və keramikadan hazırladığı əl işləri yer alacaq.

Ziyarətçilər sərgidə müəllifin “Şah İsmayıl Xətai”, “General Əliağa Şıxlinski”, “Məhəmməd Füzuli”, “İlyas Əfəndiyev”, “Rasim Babayev”, “İzzət Orucova” kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretləri, Abşeron mənzərələrini, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tabloları, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatlarını izləmək imanı qazanacaqlar

Azərbaycan təsviri sənətinə böyük töhfələr verən, yüksək bədii-emosional təsir qüvvəsinə malik yaradan Tofiq Ağababayevin “Zamanla dialoq”u yanvarın 10-dək ziyarət üçün açıq olacaq.