Dekabrın 4-də Bakı Kitab Mərkəzində litvalı hərbi jurnalist-fotoqraf, Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filminin həmmüəllifi Riçardas Lapaitis ilə görüş keçirilib. Görüşdə tanınmış şəxslər, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.

Görüşlə bağlı təəssüratlarını bölüşən Riçardas Lapaitis deyib: “Bu gün xüsusi bir tədbir keçirildi. Mən onu “ürəkdən gələn söhbət” və ya “şəhidin səsi” adlandıra bilərəm. Niyə belə deyirəm? Çünki bugünkü görüşdə toplaşan hər kəs öz hekayələrində Azərbaycan əsgərinin, şəhidlərinin, otuz il davam edən dəhşətli işğalın sona çatması uğrunda sahib olduqları ən dəyərli olanın - oğulların, qızların, ana və ataların xatirəsini ehtiramla yad etdik. Ona görə də bu tədbir mənim üçün çox önəmlidir".

2020-ci ildə və 1990-cı illərin əvvəllərində baş verənlərin təkcə bütün Azərbaycan üçün deyil, hamı üçün vacib olduğunu qeyd edən litvalı jurnalist əlavə edib: “Siz Vətəni necə sevməyi, ərazi bütövlüyünü necə bərpa etməyi, istədikdə necə birləşməyi bacarmağı bütün dünyaya göstərdiniz. Azərbaycan bütün dünyaya göstərdi ki, lazım olan anda Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşə bilər”.

Jurnalist-fotoqraf, həmçinin otuz ildən sonra Bakı Kitab Mərkəzində keçirilən görüşün bənzərsiz olduğunu deyib.