Vətən müharibəsində şanlı Zəfərdən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Baş nazir Əli Əsədov bunu dekabrın 5-də Milli Məclisdə 2024-cü il üzrə büdcə müzakirələri ilə bağlı iclasda çıxışı zamanı deyib. O bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının (2022–2026) icrası üçün ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr, vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Əli Əsədov xatırladıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə 2022-ci ildə və cari ilin ötən dövründə ümumilikdə 987 ailə (3932 nəfər) köçürülüb. 2023-cü ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. I Dövlət Proqramının sonunadək ümumilikdə 34 500 ailənin (140 min nəfər) köçürülməsi nəzərdə tutulub.

Başqa sözlə, qarşıdakı üç ildə (2024–2026) dirçələn yurd yerlərimiz 33 mindən çox ailəyə qucaq açacaq.

Baş nazir onu da bildirib ki, Qarabağ iqtisadi rayonunun əraziləri – Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Yenidən qurulan yaşayış məntəqələrinə sakinlərin qayıdışı bu günlərdə də davam edir.

Dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Bununla da Füzuli şəhərində 333 ailə, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə 2026-cı ilin sonunadək Şuşaya iki min ailə köçürüləcək. İlk 370 ailə isə 2024-cü ilin birinci yarısında Şuşada məskunlaşacaq.

Bunu isə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O, mədəniyyət paytaxtımızda abidələrin bərpası vəziyyəti ilə bağlı da məlumat verib. Bildirib ki, bu günə kimi şəhərdə 16 abidə tam bərpa olunub. Bir neçə abidə üzrə bərpa işləri davam edir.