Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

Məlumatda deyilir ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir. Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.

ANAMA vətəndaşları təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmamağa, naməlum və şübhəli əşyalara toxunmamağa, təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmamağa, atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmamağa çağırır.

Qeyd edək ki, dekabrın 7-də Şuşa və Füzuli rayonlarında daha iki mina partlayışı barədə məlumat yayılıb.

ANAMA-dan bildirilib ki, Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində (keçmiş tar sexi) minalardan təmizlənməyən sahədə mina hadisəsi baş verib. Piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

Baş Prokurorluqdan verilən məlumatda isə dekabrın 7-də Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət aldığı bildirilir.