“Heydər Əliyev İli” münasibətilə dahi siyasətçinin adını daşıyan mərkəzlərə ekskursiyalar davam edir. 166, 139 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin, Yeni Azərbaycan Partiyasının bir qrup gənc üzvünün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə, Respublika İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivinin və 1 saylı Bakı Baza Tibb Kollecinin tələbələrinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti – 100” adlı sərgiyə baxış keçirilib, Ümummilli liderin həyatı və siyasi fəaliyyəti, mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı, o cümlədən Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında məlumat verilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində isə "Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri”, “Heydər Əliyev hər zaman zirvədədir” adlı mühazirələr dinlənilib.

Sonda böyük siyasətçinin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.