Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illik yubileyi ilə bağlı sərgi keçirilib.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, sərgidə UNEC-in rektoru professor Ədalət Muradov dost ali təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzu edib.

Səmimi qonaqpərvərliyə görə UNEC rəhbərinə və kollektivinə təşəkkürünü bildirən ADMİU-nun rektoru professor Ceyran Mahmudova onlarla görüşün hər zaman xoş olduğunu vurğulayıb.

İştirakçılar Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıb, UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin musiqi töhfələrini dinləyiblər.

Sərgidə ADMİU-nun 100 illiyinə həsr olunmuş tablo, eləcə də vətənpərvərlik mövzusunda və ölkəmizin milli-mənəvi dəyərlərini özündə əks etdirən əsərlər xüsusi marağa səbəb olub. Həmçinin sərgidə ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən hazırlanmış və Azərbaycan mədəniyyətinə, incəsənətinə aid dəyərli nəşrləri özündə əks etdirən kitab stendi tədbir iştirakçılarında maraq yaradıb.